Şriftin ölçüsü :

Saytın rəngi :

VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ

 

Həmidov Şükür Nəriman oğlu

Həmidov Şükür Nəriman oğlu 01 aprel 1975-ci ildə Qubadlı rayonunun Armudluq kəndində anadan olmuşdur. Başarat kənd orta məktəbində, sonra Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil almışdır. 1993-cü ildə Bakı Birləşmiş Ali Hərbi Komandirlər məktəbinə daxil olaraq təhsilini davam etdirmiş və 1995-ci ildə motoatıcı ixtisasına yiyələnərək leytenant rütbəsində Naxçıvanda yerləşən hərbi hissələrin birində tağım komandiri kimi fəaliyyətə başlamışdır. Qısa müddət ərzində bölük komandiri, sonra isə tabor komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsində irəli çəkilmiş, bir müddətdən sonra N saylı hərbi hissədə motoatıcı taborun qərargah rəisi vəzifəsinə təyin edilmişdir.
2008-ci ildə, Hərbi Akademiyanı bitirdikdən sonra cəbhə bölgəsində yerləşən müxtəlif hərbi hissələrdə tabor komandiri, qərargah rəisi, hərbi hissə komandirinin müavini və korpus komandirinin müavini vəzifələrində xidmət etmişdir.
Şükür Həmidov Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə Nazirinin müxtəlif tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 10, 90, 95 və 100 illiyi” yubiley medalları və III, II, I dərəcəli “Qüsursuz xidmətə görə” medalları, eləcə də “Hərbi xidmətdə fərqlənməyə görə” II, I dərəcəli medalları, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Veteranı” medalı, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat orqanlarının 100 illiyi” yubiley medalı ilə təltif edilmişdir.
2016-cı il Aprel döyüşlərində - “Lələ təpə" yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin  22 aprel 2016-cı il tarixli Sərəncamı ilə Şükür Həmidov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş və “Azərbaycan Milli Qəhrəmanının Qızıl ulduz” medalı ilə təltif edilmişdir.
10 may 2016-cı il tarixdə Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olarkən Şükür Həmidovla görüşmüş və onun əmri ilə polkovnik- leytenant Şükür Həmidova vaxtından əvvəl polkovnik hərbi rütbəsi verilmişdir.
Şükür Həmidov Vətən müharibəsi zamanı 22 oktyabr 2020-ci il tarixdə doğulub böyüdüyü doğma Qubadlı rayonunun azadlığı uğranda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, Bakı şəhər “2-ci Fəxri Xiyaban”da dəfn edilmişdir.
Dəfndə Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik Zakir Həsənov, Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov və digər hökumət və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Dəfn zamanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev şəhidin atasına zəng edərək başsağlığı vermiş və bildirmişdir ki, Milli qəhrəmanın adı doğulduğu və azadlığı uğrunda həlak olduğu Qubadlı rayonunda əbədiləşdiriləcək.
Azərbaycan Respublikası Prezidentinin 09 dekabr 2020-ci il tarixli Sərəncamı ilə polkovnik Həmidov Şükür Nəriman oğlu ölümündən sonra “Zəfər” ordeni ilə, 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə  “Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Ailəli idi, iki övladı var.
Allah rəhmət eləsin!

 

Qasımov Faiq Qaçay oğlu

Qasımov Faiq Qaçay oğlu 10 fevral 1974-cü ildə Qubadlı rayonunun Qayalı kəndində anadan olub. 1991-ci ildə qardaşı Şəhid Həsən Qorxmazın adını daşıyan Qayalı kənd tam orta məktəbini bitirmişdir.
Hərbi xidmətini 1-ci Qarabağ müharibəsində Laçın rayonu və Qubadlı rayonunda Əliyar Əliyevin taborunda topçu kimi vuruşaraq keçirib.
Hərbi xidməti bitirdikdən sonra 1993-cü ildə Bakı Ali Birləşmiş Komandanlıq məktəbinə daxil olub. 1995-ci ildən 2009-cu ilədək Naxçıvanda cəbhə bölgəsində müxtəlif vəzifələrdə çalışmışdır. 2009-cu ildən 2012-ci ilədək Balakən rayonunda N saylı hərbi hissədə xidmət etmişdir. Sonradan öz təkidi ilə Füzuli istiqamətinə göndərilmişdir.
2016-cı ilin aprel ayında “Lələtəpə”uğrunda gedən döyüşlərdə fəal iştirak edən Qasımov Faiq Qaçay oğlu düşmənin çox sayda yüksək rütbəli hərbçilərini məhv etdiyinə görə, ölkə başçısı İlham Əliyev tərəfindən “Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə Nazirinin müxtəlif tarixli əmrləri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 10,90,95 və 100 illiyi” yubiley medalları və III, II, I dərəcəli “Qüsursuz xidmətə görə” medalları, “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə təltif olunmuşdur. Faiq Qaçay oğlu Qasımov 2020-ci il sentyabrın 27-də “Ohanyan səddi”ni ilk yaran hərbçilərimizdən olub və rəhbərlik etdiyi qrupu ilə birgə Füzuli rayonu ərazisində düşmənin bir neçə post və səngərini dağıdaraq 300-ə yaxın düşmən əsgərini və zabitini məhv edərək, qəhrəmancasına şəhid olmuşdur. Vətən müharibəsində şəhid olan ilk rütbəli hərbiçidir. Bakı şəhər “2-ci Fəxri Xiyaban"da dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 09 dekabr 2020-ci il tarixli Sərəncamı ilə polkovnik-leytenant Qasımov Faiq Qaçay oğluna ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş, 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə də o, “Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamları ilə “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları təltif edilmişdir.
Ailəli idi, 2 övladı var.
Allah rəhmət eləsin!

 

 

 Ağayev Vüqar Əhməd oğlu

Ağayev Vüqar Əhməd oğlu 04 mart 1973-cü ildə Qubadlı rayonunun Xanlıq kəndində anadan olmuş, 1990-cı ildə Xanlıq kənd orta məktəbində orta təhsilini başa vurmuşdur.
1991-1992-ci illərdə Azərbaycan Respublikasının ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.
1992-ci ildə H.Əliyev adına Hərbi Liseyə daxil olmuş, 1994-cü ildə hərbi təhsilini başa vuraraq leytenant rütbəsi almışdır. Qusar rayonu N saylı hərbi hissədə təlimdə olmuş, təlimi başa vurduqdan sonra  Naxçıvan qarnizonunda N saylı hərbi hissədə bölük komandiri kimi hərbi xidmətə başlamışdır.
2016-cı ildə hərbi xidmətini başa vuraraq təqaüdə çıxmışdır.
Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə Nazirinin müxtəlif tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 10, 90 və 95 illiyi” yubiley medalları və III, II, I dərəcəli “Qüsursuz xidmətə görə” medalları, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif edilmişdir.
2020-ci ilin oktyabr ayında könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağınş üzrə Dövlət Xidmətinin Qubadlı Rayon Bölməsinə müraciət edərək Vətən müharibəsində iştirak etmişdir.
01 noyabr 2020-ci il tarixdə Qubadlı rayonu uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olmuş, Bakı şəhər “2-ci Fəxri Xiyaban"da dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 09 dekabr 2020-ci il tarixli Sərəncamı ilə mayor Ağayev Vüqar Əhməd oğluna ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş, 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə də o, “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Ailəli idi, iki övladı var.
Allah rəhmət eləsin!

 


        Alıyev Elçin Bayram oğlu

Qubadlı şəhər sakini Alıyev Elçin Bayram oğlu 16 iyul 1975-ci ildə Abşeron rayonu Saray qəsəbəsində anadan olub. 1992-ci ildə Qubadlı Şəhər 1 saylı orta məktəbin məzunu olmuşdur.
1992-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olmuş, 1993-cü ildə isə Ali Hərbi məktəbə yerdəyişmə etmişdir. 1993-cü ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin Tank Artilleriya fakültəsinin 1-ci kursuna qəbul olmuşdur. 1997-ci ildə Taktiki Yerüstü Artilleriya Komandiri və Artilleriya Silahlarının İstismarı üzrə mühəndis ixtisasma yiyələnmişdir. 1997-2005-ci illərdə N saylı hərbi hissədə Artilleriya batareyasının komandiri və briqadanın kəşfiyyat rəisi, 2006-2010-cu illərdə N saylı hərbi hissədə Artilleriya rəisinin köməkçisi, 2010- 2011-ci illərdə N saylı hərbi hissədə Artilleriya rəisinin baş köməkçisi, 2014 sentyabr - 2015 yanvar tarixə qədər H.Əliyev adına Azərbaycan Ali Hərbi məktəbində müəllim, 2015-ci il yanvar ayından 2017-ci il aprel ayınadək N saylı hərbi hissədə Artilleriya bölməsi rəisinin baş köməkçisi vəzifəsində xidmət etmişdir. 2016- cı ilin aprel döyüşlərində “Lələ təpə”nin azad olunmasında öndə gedənlərimizdən biri olmuşdur.
Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə Nazirinin müxtəlif tarixli əmrləri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 10,90 və 95 illiyi” yubiley medalları və  III, II dərəcəli  “Qüsursuz xidmətə görə” medalları ilə təltif edilmişdir.
2017-ci il aprel ayından öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Təqaüdə çıxmasına baxmayaraq, 01 oktyabr 2020-ci ildə N saylı hərbi hissədən könüllü olaraq Vətən müharibəsinə yollanmışdır. Döyüş yolu ilk əvvəl Ağcabədi rayonunda əsgərlərə təlim keçməklə başlayır. Sonra isə əsgərləri ilə birgə Füzulidə döyüşə qatılır. Hadrutda, Xocavənddə, Şuşada gedən döyüşlərdə fəal iştrak edən igidlərdən biri olur.
Müharibə zamanı ayağından yaralanmasına baxmayaraq, döyüşə davam etmişdir.
7 noyabr 2020-ci ildə sinəsindən 3 güllə yarası alsa da, 1 gün yaralı vəziyyətdə döyüşür.
O, 9 noyabr 2020-ci ildə Şuşada gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmışdır.  Bakı şəhər “2-ci Fəxri Xiyaban"da dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə mayor Alıyev Elçin Bayram oğlu ölümündən sonra “Vətən uğrunda”,  18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə”, həmçinin “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları və “Rəşadət” ordeni medalları ilə təltif edilmişdir.
Ailəli idi, 3 övladı var.
Allah rəhmət eləsin!

 

 

 Allahverdiyev Vüsal Tahir oğlu

 Allahverdiyev Vüsal Tahir oğlu 16 avqust 1988-ci ildə Qubadlı şəhərində anadan olub. 
2006-cı ildə Qubadlı Şəhər 2 saylı tam orta məktəbini bitirərək  Azərbaycan Kooperasiya universitetinin maliyyə və kredit fakültəsinə daxil olmuş və həmin universiteti bitirmişdir. 2010-2011-ci illərdə Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir.
2012-2015-ci illərdə “UNİBANK” Kommersiya Bankında İstehlak krediti üzrə aparıcı mütəxəssis vəzifəsində çalışmışdır. Daha sonra Kontakt Home mağazalar şəbəkəsində kredit mütəxəssisi kimi çalışmışdır. 2020-ci ildən Kapital Bankda “Birkart Bank olmayan Kredit Təşkilatı” MMC- nin 20 saylı filialının müdiri vəzifəsində işləmişdir. Sonra həmin vəzifədən öz ərizəsi ilə işdən çıxmışdır.
14 iyul 2020-ci ildə - Tovuz hadisələrində general-mayor Polad Həşimov şəhid olduqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı Rayon Bölməsinə müraciət etmiş və qeydiyyata alınmışdır.  
01 oktyabr 2020-ci ildə könüllü olaraq Vətən müharibəsinə getmiş, Cəbrayıl istiqamətində həmlə bölüyünün tərkibində döyüşlərdə olmuşdur.
4 günlük mühasirədə qaldıqları vaxt böyük şücaət göstərərək, yaralı şəhidlərimizi döyüş mövqeyindən çıxartmağa müvəffəq olmuşdur. Sonuncu dəfə yaralı komandirini döyüş mövqeyindən çıxararkən, komandiri ağır yaralı olduğu üçün Vüsala onu buraxıb getməyini desə də, Vüsal bildirib ki, “ya ikimiz bir yerdə şəhid olacağıq, ya da burdan çıxacağıq”.
Həmin döyüşdən sağ-salamat çıxaraq komandiri hərbi hospitala çatdırsalar da, komandir şəhid olur.
Füzulinin Seyidəhmədli kəndi istiqamətində döyüşlərdə iştirak edən Vüsal Allahverdiyev sonra Xocavənddə döyüşmüşdür.
Döyüş yoldaşları Vüsalın onları döyüşə necə ruhlandırması barədə qürurla danışıb deyirlər ki, Vüsal hər zaman deyirdi: “Bir işin sonu şəhid olmaqdırsa, o işdən niyə qorxmalıyıq!".
Vüsalın son döyüşü 30 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində olmuşdur. Hücum zamanı üzbəüz döyüşdə partlayış-qəlpə yarası ilə şəhidlik zirvəsinə ucalan Vüsal Allahverdiyev  Sumqayıt şəhər “Şəhidlər xiyabanı"nda dəfn olunub.
Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Allahverdiyev Vüsal Tahir oğlu ölümündən sonra “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalları təltif edilmişdir.
Subay idi.
Allah rəhmət eləsin

 

 

Həsənzadə Məhəmmədəli Hörmət oğlu

Qubadlı  rayonunun  Qilican  kənd  sakini  Həsənzadə Məhəmmədəli Hörmət oglu 01 may 1999-cu ildə Sumqayıt şəhərində anadan olmuşdur.  
2016-cı ildə Qubadlı rayon Yuxarı Mollu kənd tam orta məktəbini bitirərək Azərbaycan Dövlət Turizm və Menecment Universitetinin “Biznesin İdarə Edilməsi” fakultəsinə daxil olmuşdur.
2020-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı Rayon Bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır.
2020-ci il 27 sentyabr - Vətən Müharibəsi başlayan gündən Həsənzadə Məhəmmədəli Hörmət oğlu əvvəlcə Füzuli rayonu, daha sonra Xocavənd rayonu ərazisində döyüşmüşdür.
2020-ci il 6 noyabr tarixində Xocavənd rayonu ərazisində gedən ağır döyüşdə Həsənzadə Məhəmmədəli Hörmət oğlu torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb və Sumqayıt şəhərində yerləşən “Şəhidlər xiyabanı"nda dəfn olunub.
Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Həsənzadə Məhəmmədəli Hörmət oğlu ölümündən sonra “Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Subay idi.
Allah rəhmət eləsin!

 

 

 Məhərrəmov Ülvi Tahir oğlu

Qubadlı rayonunun Sarıyataq kənd sakini Məhərrəmov Ülvi Tahir  oğlu  05 iyul 1997-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.
2012-ci ildə Mahruzlu kənd tam orta məktəbinin 9-cu sinfini bitirmiş və Bakı şəhəri Naxçıvanski adına Hərbi Məktəbə qəbul olmuş, 2015-ci ildə bitirmişdir. Hərbi məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Akademiyaya qəbul olmuş, 2019-cu ildə akademiyanı bitirib leytenat hərbi rütbəsi alaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində tağım komandiri vəzifəsinə təyin olunmuşdur, 
2020-ci ilin sentyabr ayından bölük komandiri vəzifəsinə təyin olunmuşdur.  
Vətən müharibəsində vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmiş və 14 oktyabr 2020-ci ildə Xocavənd rayonu ərazisində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış və Sumqayıt şəhər “Şəhidlər xiyabanı"nda dəfn olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Məhərrəmov Ülvi Tahir  oğlu ölümündən sonra “Vətən uğrunda” medalı, 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı, 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Subay idi.
Allah rəhmət eləsin!
              

 

 Mustafayev Rüfət Zöhrab oğlu

Qubadlı  rayonunun  Dondarlı  kənd  sakini (əslən Aşağı Xocamsaxlı kəndindəndir) Mustafayev Rüfət Zöhrab oğlu 12 mart 1996-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur.
2013-cü ildə Sumqayıt şəhərində yerləşən 18 saylı tam orta məktəbini bitirərək Azərbaycan Texniki Universitetinə qəbul olmuş, 2017-ci il tarixdə universiteti bitirmişdir.
2019-cu ilin oktyabr ayının 23-də həqiqi hərbi xidmətə çağrılmış, Goranboy rayonunda yerləşən N saylı hərbi hissədə xidmətini davam etdirmişdir.
27 sentyabr 2020-ci il tarixdə başlanan Vətən müharibəsi  döyüşlərində fəal iştirak etmiş, cəsarəti və cəsurluğu ilə seçilmişdir. 
12 oktyabr 2020-ci il tarixdə Suqovuşan və Talış kəndləri uğrunda gedən qızğın və üzbəüz döyüşdə qəhrəmancasına şəhid olmuş və Sumqayıt şəhər “Şəhidlər xiyabanı"nda dəfn olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Mustafayev Rüfət Zöhrab oğlu ölümündən sonra “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə”, 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.
Subay idi.
Allah rəhmət eləsin!

 

 

İsgəndərov İlkin Camal oğlu

Qubadlı şəhər sakini İsgəndərov İlkin Camal oğlu  18  mart 1999-cu ildə Sumqayıt şəhərində anadan olmuşdur.
2016-cı ildə Qubadlı rayon Kavdadıq kənd tam orta məktəbini bitimişdir.
2018-2019-cu illərdə  Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. 
Vətən müharibəsi  başlayan zaman könüllü olaraq döyüşlərə qatılmışdır.
Füzuli və Cəbrayıl rayonlarında gedən döyüşlərdə fəal iştirak etmiş və döyüşlərdə fəal iştirak etdiyinə görə ona çavuş hərbi rütbəsi verilmişdir.
25 oktyabr 2020-ci il tarixdə Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş və Sumqayıt şəhər “Şəhidlər xiyabanı"nda dəfn olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə İsgəndərov İlkin Camal oglu ölümündən sonra “Vətən uğrunda” və 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Subay idi.
Allah rəhmət eləsin!

 

 

 

 Abışov Sirac Abış oğlu

Abışov Sirac Abış oğlu 1989-cu il 29 avqust tarixində Qubadlı     rayonunun Dondarlı kəndində anadan olmuşdur. 1996-cı ildə Sumqayıt şəhər Ç.Mustafayev adına 40 saylı tam orta məktəbinə qəbul olmuş , 2007-ci ildə həmin məktəbin məzunu olmuşdur. Elə həmin il Azərbaycan Dəniz Balıq Sənayesi texnikumuna daxil olmuş, 2009-cu ildə Gömrük ekspertizası ixtisası üzrə tam kursu bitirmişdir.
        Media sahəsinə olan marağı onun yolunu 2010-cu ildən etibarən Azərbaycan Dövlət Televiziyası və Radiosu Qapalı Səhmdar Cəmiyyətindən salır. Bir müddət “Yurd tv”-də, daha sonra 2020-ci ilin noyabr ayından etibarən işğaldan azad olunmuş rayonlarda yaradılmış, Xüsusi Çəkiliş Qrupunun tərkibində yer almış, ordumuzun nəzarətində olan Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Xocalı, və Xocavənd rayonlarının bütün ərazilərində dövlət əhəmiyyətli çəkilişlər etmişdir.
        Əsrarəngiz təbiətə malik olan Kəlbəcərdə növbəti çəkiliş 04.06.2021-ci il tarixində Susuzluq kəndindən başlayacaqdı. Lakin kənd ərazisinə daxil olarkən heyəti aparan Kamaz Markalı nəqliyyat vasitəsi mənfur düşmənlərin tank əleyhinə basdırdığı minaya düşür. Sirac Abışov həmin hadisə nəticəsində dünyasını dəyişərək şəhidlik zirvəsinə ucalır. Şəhid jurnalist Sirac Abışov Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.
        Azərbaycan Respublikası Prezidentinin 14.06.2021-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli Vətənə Xidmətə Görə Ordeni ilə təltif edilmişdir.
        Ailəli idi, övladı Özgür adında bir övladı var.
         
        Allah rəhmət eləsin!  
       

 


     Rəhimli Orxan Elxan oğlu

Qubadlı rayonunun Qiyaslı kəndindən olan Rəhimli Orxan Elxan oğlu 1992-ci il 20 iyun tarixində Sumqayıt şəhərində anadan olmuşdur. 1997-ci ildə Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən Laçın rayonu, Fizuzəddin Cəfərov adına məktəbə daxil olmuş, 2008-ci ildə həmin məktəbi bitirmişdir. Məktəbi bitirdikdən sonra Cəlilabad şəhərində yerləşən N saylı hərbi hissədə xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra Quba Texniki Kollecində “Yol hərəkətinin təşkili” ixtisası üzrə təhsil almışdır. 2014-cü ildən N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət (MAXE) vəzifəsində çalışmışdır. Aprel döyüşlərində iştirak etmişdir.

İkinci Qarabağ müharibəsində Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının azad olunmasında iştirak etmişdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Laçın və Füzuli rayonlarının azad olunmasına görə medalları ilə təltif olunmuşdur.
       28.06.2021-ci il tarixində Laçın rayonu ərazisində Kamaz markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Orxan Rəhimli şəhid olmuşdur. Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunmuşdur.
       Ailəli idi, Hüseyn və Pəri adında iki övladı var.
      
       Allah rəhmət eləsin!

 

Keçidlər