Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadlı rayonunun işğalının 25-ci ildönümü

31 avqust 2018 | 16:00

Qubadlı rayonunun işğalının 25-ci ildönümü

  31 avqust 2018-ci il tarixdə Ermənistanın hərbi təcavüzü nəticəsində Qubadlı rayonunun işğalının 25-ci ildönümü ilə əlaqədar olaraq tədbir keçirilmişdir. Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, rayon ictimaiyyəti, idarə, müəssisə və təşkilatların nümayəndələri, respublikanın digər qurumlarından olan qonaqlar iştirak edirdilər. Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanındakı abidənin önünə əklil qoyulduqdan sonra tədbir iştirakçıları xiyabandakı məzarları ziyarət etdilər.
     Qubadlı rayonunun işğalının 25-ci ildönümü ilə əlaqədar təşkil olunmuş tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov çıxış edərək qeyd etdi ki, bu gün Qubadlının işğalının 25-ci ili tamam olur. Zəngin tarixə malik olan rayonumuzun bütün əmlakı erməni işğalçıları tərəfindən talan edilmiş, 1 şəhər, 93 kənd tamamilə dağıdılmışdır. Rayonda 33 orta, 16 səkkizillik, 12 ibtidai, 1 əyani-qiyabi məktəb, 1 texniki Peşə məktəbi, 5 məktəbdən kənar müəssisə, 4 хəstəxana, 33 səhiyyə müəssisəsi, 111 mədəni- maarif müəssisəsi, 125 ticarət, 96 ictimai iaşə, 25 məişət xidməti, 11 rabitə müəssisəsi, 48 kənd təsərrüfat müəssisəsi, 4 zavod və 2 fabrik fəaliyyət göstərirdi. Qubadlı ərazisi arxeoloji cəhətdən kifayət qədər öyrənilməsə də,  o zamanlar burada təkcə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xətti ilə qorunan 50-ə yaxın abidə qeydə alınmışdır. Rayon mərkəzində maraqlı eksponatlar toplanmış tarix-diyarşünaslıq muzeyi fəaliyyət göstərirdi.
       İşğal olunduqdan sonra rayonun bütün əmlakı ermənilər tərəfindən talan edilmiş, evlər, ictimai binalar yandırılmış, salamat qalanlar sökülərək Ermənistana daşınmışdır. Qəbiristanlıqlar, tarixi-mədəni abidələr məhv edilmişdir. Ümumilikdə rayona milyardlarla dollar ziyan dəymişdir.
      Düşmənlə mübarizədə 238 nəfər Qubadlı sakini şəhid olmuş, 200 nəfərə yaxın ağır yaralanmış, 411-dən artıq  rayon sakini əlil olmuş, 115 nəfərdən çox insan itgin və girov düşmüşdür. 11 nəfər Milli Qəhrəman adına layiq görülmüşdür. Hal- hazırda  37800  nəfərdən artıq Qubadlı əhalisi respublikamızın 41 rayonunda məcburi köçkün ömrü yaşayır. Əhalimizin mütləq əksəriyyəti Sumqayıt şəhərində məskunlaşıb. Harda məskunlaşmağından asılı olmayaraq rayon əhalisinin problem və çətinlikləri yerli icra strukturlarının diqqətindədir.  Bu isə əsası Ulu öndərimiz tərəfindən qoyulan və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam və inkişaf etdirilən siyasətin yerlərdə layiqincə icrasının təzahürüdür.
      Rayon İcra Hakimiyyətinin başçısı qeyd etdi ki, 25 il ərzində torpaq həsrəti bir an da olsun əhalimizi tərk etməyib. Dövlətimiz və hökümətimiz məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmini sahəsində kompleks tədbirlər həyata keçirmişdir. Bütün bu diqqət və qayğını minnətdarlıqla qarşılayan əhalimiz doğma yurda qayıtmaq istəyi ilə yaşayır. Rayon əhalisi hər zaman Azərbaycan dövlətinə sadiqdir və qəti əmindir ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə doğma Qubadlıya qayıdacağımız gün uzaqda deyil.  Başçı qeyd etdi ki, orduda döyüş qabiliyyəti, mənəvi-psixoloji durum, vətənpərvərlik ruhu çox yüksəkdir. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. 2016-cı ilin aprel ayında dördgünlük döyüş Azərbaycan ordusunun qüdrətini bir daha sübut edərək göstərdi ki, bu ordu nəinki ölkəmizin ərazi bütövlüyünü mənfur düşməndən qorumağa, həm də çox az müddətdə işğal olunmuş ərazilərimizi düşməndən azad etməyə qadirdi. Xüsusilə qeyd olundu ki, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Aprel döyüşlərində fərqlənən rayon sakinlərimiz Həmidov Şükür Nəriman oğluna Azərbaycan Respublikasının Milli Qəhrəmanı və Bərxudarov Mais Şükür oğluna general-mayor hərbi rütbəsi verilmişdir. RİH başçısı bildirdi ki, aprel döyüşlərindən sonra hər iki həmyerlimizin yüksək fəxri ad və hərbi rütbə alması rayon sakinlərinin  hədsiz sevincinə səbəb olmuşdur.
      Bundan başqa 2018-ci il mayın 20-dən 27-ə qədər Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, “Ağbulaq” yüksəkliyi, Qızılqaya, Qaraqaya dağı işğaldan azad olunub. Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun nəzarəti altına keçib. Döyüşlər nəticəsində ümumi olaraq 11 000 hektarlıq ərazi işğaldan azad olunub. RİH başçısı əlavə etdi ki, yaxın gələcəkdə möhtərəm Prezidentimizin uğurlu siyasi fəaliyyəti sayəsində torpaqlarımız işğaldan azad olunacaq və üçrəngli bayrağımız Qarabağda dalğalanacaqdır.
      Tədbirdə digər çıxış edənlər qeyd etdilər ki, 25 il ərzində vətən həsrəti ilə məcburi köçkünlük ömrü yaşayan Qubadlı əhalisinin nümayiş etdirdiyi dözümlülüyün və dövlətə sadiqliyin örnək olduğunu bildirdilər. Bütün çətinliklərə rəğmən bu müddətdə rayon əhalisi Azərbaycanda vüsət almış quruculuq işlərində fəal iştirak etmişlər.
      Sonra təcavüzkar siyasətinə beynəlxalq güclərin yetərincə təzyiq etməməsinin təəssüf doğurduğu bildirilərək Azərbaycan Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə doğma torpaqlarımıza qayıdacağımıza olan sonsuz inam ifadə olundu.

Keçidlər