Şriftin ölçüsü :

Saytın rəngi :

2018-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı

14 fevral 2019 | 16:00

2018-ci ilin yekunlarına həsr olunmuşhesabat yığıncağı

14 fevral  2019-cu il tarixində Qubadlı rayon İcra Hakimiyyətində 2018-ci ilin sosial iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.Yığıncaqda rayon İcra Hakimiyyətinin Başçısı cənab Malik İsaqov, Prezident Administrasiyasının məsul işçisi Ağa-Əli Əhmədov, millət vəkili İmamverdi İsmayılov, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
        Yığıncağı açıq elan edən rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov 2018-ci ərzində əldə olunan nəticələrdən bəhs edərək bildirdi ki,  ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsi olaraq Qubadlı rayonunun da sosial iqtisadi inkişafında əhəmiyyətli irəliləyişlər əldə edilmiş, nəzərdə tutulmuş proqnozların yerinə yetirilməsi təmin edilmişdir.
            2018-ci il ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında bir çox tarixi və əlamətdar hadisələrlə yadda qaldı. Yola saldığımız ilin ən əlamətdar hadisəsi aprel ayında keçirilmiş Prezident seçkilərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin inamlı və parlaq qələbəsi bir daha onu göstərdi ki, Azərbaycan xalqı ölkə rəhbəri İlham Əliyevin apardığı məqsədyönlü  siyasətə çox böyük dəstək verir, ona  inanır, güvənir və etimad göstərir. Şübhəsiz, bu cür qarşılıqlı inam şəraitində Prezident İlham Əliyev hələ uzun illər xalqı öz arxasınca daha yüksək zirvələrə və böyük qələbələrə doğru aparacaqdır.
        Yola saldığımız 2018-ci ildə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar, eyni zamanda inzibati ərazi dairələri üzrə nümayəndəliklər qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə çalışmışlar.
         Cari ilin 01 yanvar vəziyyətinə  rayon əhalisinin sayı 38 min nəfərdir.  Əhalinin 49 %-ni kişilər, 51 % -ni isə qadınlar təşkil edir. Hesabat dövrü ərzində 404 nəfər doğulmuş, 224 nəfər isə vəfat etmişdir. Təbii artım 180 nəfərdir. Rayona qeydiyyata düşənlərin sayı 387 nəfər, gedənlərin sayı isə 152 olmuşdur. Ötən il ərzində 247 nigah bağlanmış, 68 boşanma halı olmuşdur.
         Rayonda  20 min 500 nəfər əmək qabiliyyətli əhali var. 2018-ci il ərzində 192 yeni iş yeri  yaradılmışdır. Ümumiyyətlə son 15 ildə rayon üzrə yeni yaradılan iş yerlərinin sayı 3 min 897-yə çatdırılmışdır. Onu da qeyd etmək yerinə düşər ki, ötən il Arıçılığı inkişaf etdirmək və məşğulluğun artırmaq məqsədilə rayon İcra Hakimiyyətinin yaxından köməkliyi və TİKA (Türk İşbirliyi Koordinasiya Agentliyi) -nın dəstəyilə Sumqayıt şəhər Yaşıldərə yaşayış massivində Arı məhsullarının qablaşdırılması müəssisəsinin açılış mərasimi keçirilmişdir. Tədbirdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri  Erkan Özoral, TİKA təşkilatının nümayəndəsi Teoman Tiryaki, ASAN ABAD-ın direktoru Rüfət Elçiyev, Kənd Təsərüfatı Nazirliyinin heyvandarlıq şöbəsinin mütəxəsisi Fəxrəddin Səmədov, rayonun idarə müəssisə rəhbərləri və  arıçılıqla məşğul olan şəxslər  iştirak etmişdir. Bu müəssisədə 20 nəfər işlə təmin olunub.
2018-ci il ərzində rayon Məşğulluq mərkəzi tərəfindən 679 nəfər vətəndaş mərkəzdə iş axtaran kimi qeydiyyata alınmışdır. Bunlardan 180 nəfər işlə təmin edilmiş, 83 nəfərə isə işsizlik statusu verilərək müavinat təyin olunmuşdur.
          Ötən il sakinlərimizin məskunlaşma yerlərində yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində də işlər davam etdirilmişdir. Rayon İcra Hakimiyyəti başçısının Sabirabad, Saatlı, İmişli, Xızı rayonlarında və digər yerlərdə keçirdiyi səyyar qəbullar zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində müəyyən işlər görülmüşdür. Xızı rayon Sitalçay qəsəbəsində məcburi köçkünlərin yaşadıqları ərazidə yaranmış içməli su problemi RİH-in köməkliyilə aradan qaldırılmış və kənd  yollarına 3200 kvadrat metr asfalt örtüyü çəkilmişdir. Bundan əlavə Sumqayıt şəhəri BTZ bağları yaşayış massivində Çardaxlı kənd tam orta məktəbinə gedən yola 5 min 200 kvadrat metr, Sumqayıt şəhər 9-cu mkr 29 və 30 saylı binaların  həyətinə 1500 kvadrat metr asfalt örtüyü çəkilmişdir.       
         Rayon İcra Hakimiyyətinin təşəbbüsü və köməkliyilə yaşayış şəraiti ağır olan sakinlərimizin mənzillərinin təmiri üçün, evləri yanan İşıqlı, Məmər və Çaytumas kənd sakinlərinə maddi köməklik olunmaqla yanaşı evləri təmir olunmuşdur. Bunlarla bərabər Sumqayıt şəhəri, 11-ci mikrorayon, 32 saylı binanın arxasında yerləşən köhnə mağaza binasının 1200 kvadrat metr dam örtüyünun və  Sarıqaya yaşayış massivində məcburi köçkünlərin yaşadığı ərazidə  300 m kanalizasiya xəttinin təmir edilməsi üçün ümumilikdə 25 min manata yaxın pul vəsaiti xərclənmişdir. Görülən bu işlərdən əlavə Sumqayıt şəhər 47-ci  məhəllədə məcburi köçkünlərin məskunlaşdığı 11,12,13,14-cü evlərin dam örtükləri rayon İcra Hakimiyyətinin təşəbbüsü və yaxından köməkliyi nəticəsində təmir olunmuşdur. Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən 6A saylı yataqxana qəzalı vəziyyətdə oldugu üçün köçürülmə zamanı rayon İcra Hakimiyyətinin təşəbbüsü və yaxından köməkliyi nəticəsində  rayondan olan 4 ailəyə, birinə 25 min manat, digər 3 ailəyə isə 35 min manat pul verilmişdir.
         2018-ci ildə aşayış şəraiti ağır vəziyyətdə olan 19 ailə rayon  İcra Hakimiyyətinin yaxından köməkliyilə Qaradağ rayonunun “Qobu Park” yaşayış şəhərciyinə köçürülmüşdür. 
         Sakinlərin müraciətləri əsasında fərdi evlərin tikintisi üçün rayon İcra Hakimiyyətinin köməkliyi ilə 17 məcburi köçkün ailəsinə icazələr alınmışdır.
         Bunlardan əlavə rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına 2018-ci il ərzində yas mərasimlərinin təşkilinə, xəstələrin müalicəsinə, “1941-45-ci illər müharibəsi” veteranlarına, bir sıra tədbirlərin keçirilməsinə və sair məsələlərlə bağlı aztəminatlı ailələrə 129  min 250 manat pul köməkliyi edilmişdir. Vəfat etmiş Dondarlı kənd sakini, kimsəsiz qadının bütün dəfn xərcini  rayon İcra Hakimiyyəti  daxili imkanlar hesabına  həyata  keçirərək  yas  mərasimi  və  ehsan  süfrəsi  təşkil  etmiş, qəbirüstü abidəsini  düzəltdirmişdir.
          Qış mövsümünə hazırlıqla bağlı rayonun idarə, müəssisə və təşkilatlarının vəziyyəti öyrənilmiş və fəaliyyətdə olan idarə, müəssisələrin hamısında vəziyyət qənaətbəxş hesab edilmişdir.
         Əvvəlki illərdə olduğu kimi Hüquq-mühafizə orqanları üzərlərinə düşən vəzifələri yerinə yetirmişlər. Asayişin qorunması təmin edilmiş, istintaq və təhqiqat qrupunda cinayət tərkibli ərizə və ya material qeydə alınmamışdır.
         Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsi tərəfindən 2018-ci ilin yanvar ayından, oktyabr ayına qədər olan müddətdə 155 nəfər hərbi xidmətə göndərilmişdir. 330 nəfər gənc isə ilkin hərbi qeydiyyata alınmış, 14 nəfər gənc könüllü olaraq müddətdən artıq həqiqi hərbi xidmətə yola salınmışdır.  
Rayonda ötən ilin ümumi gəlirlərin  proqnoz məbləği 2 milyon 573 min manat olmuşdur. Yerli gəlirlərdən daxil olma 2 milyon 117 min  manat proqnoz rəqəminə qarşı 2 milyon 554 min 762 manat  və ya 1,2 dəfə çox icra olunmuşdur ki, bu da nəzərdə tutulandan 437 min 762 manat artıq vəsaitin daxil olması deməkdir.
Rayon Vergilər şöbəsi də öz işini günün tələbləri baxımından qurmağa çalışmışdır. 01 yanvar 2019-cu il tarixə kimi şöbədə  1867 vergi ödəyicisi uçota alınmışdır ki, onların da hazırda 813-ü faktiki fəaliyyət göstərir.  Vergilər şöbəsi hesabat dövrü 2 milyon 573 min  manat plana qarşı 3 milyon 106 min manat vəsait toplamışdır ki, bu da planın 120,7 %-i,  yəni 533 min  800 manat artıq vəsaitin daxil olması deməkdir.
2018-ci ilin yekunlarının təhlili göstərmişdir ki, rayonda 6 min 674 pensiyaçı qeydiyyatdadır. Onların 2 min 361 nəfəri yaşa görə, 3 min 971 nəfərii əlilliyə görə, 342 nəfəri ailə başçısın itirməyə görə, 1172 nəfəri isə sosial pensiya alır. Pensiyaların orta aylıq məbləği 201,28 manat təşkil etmişdir. Hesabat dövrü əvvəlki vaxtlarda olduğu kimi pensiyaların, maaşların və digər müavinatların  ödənilməsində heç bir problem olmamışdır. Ünvanlı sosial yardım alan 233 ailənin hər birinə orta hesabla 155 manat məbləğində ünvanlı sosial yardım təyin olunmuşdur.
          Rayon Təhsil şöbəsi də işini müvafiq Qanun və təlimatlar əsasında qurmuş, qarşıya qoyulan vəzifələrin həllinə səy göstərmişdir. Hesabat dövründə Dövlət İmtahan Mərkəzi tərəfindən IX və XI siniflərdə keçirilmış mərkəzləşdirilmiş imtahanların  nəticələri də uğurlu olmuşdur. Belə ki,  dərs ilinin sonunda biliyi qiymətləndirilən 8 min 671 nəfərin 2 min 711 nəfəri “Əla”, 2 min 996 nəfəri 4-5 qiymət almış, keyfiyyət 65,8 % olmuşdur.
          456 məzundan 390 nəfəri (85,5 %) ali məktəblərə sənəd vermiş, onlardan 287 nəfəri (73 %-i ) tələbə adını qazanmışdır. Qəbul olunanlardan 48 nəfər 500-600 arası, 27 nəfər 600-700 arası bal toplamış, bir nəfər məzun 695 bal toplayaraq Prezident təqaüdünə layiq görülmüşdür.
          Hesabat dövründə də müəllim əməyinin qiymətləndirilməsi ciddi gündəmdə saxlanılmışdır. 8Mart “Beynəlxalq Qadınlar Günü” münasibətilə Hüseynova Sədaqət Qulu qızı və 5 oktyabr “Beynəlxalq Müəllimlər Günü” münasibətilə Məmmədov Yavər Allahverdi oglu Azərbaycan Respublikası  Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı, 5 nəfər Təhsil Nazirliyinin fəxri fərmanı və döş nişanı ilə, 6 nəfər Rayon İcra Hakimiyyəti başçısı tərəfindən fəxri fərmanlarla təltif olunmuşdur.
          Rayon Mərkəzi Xəstəxanasınının poliklinika şöbəsi 3 tibb məntəqəsi ilə birlikdə məcburi köçkünlərə tibbi xidmət göstərilməsi işini davam etdirərək ötən il
ərzində 21 min 672 ambulator xəstə qəbul etmiş, onlardan  78 nəfər xəstəni stasionar müalicəyə, 44 nəfəri isə sanator-kurort müalicəsinə göndərmişdir. Poliklinikanın əsas işlərindən biri Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən pulsuz keçirilən kütləvi müayinə ilə bağlı aparılan işlərdir. 2018-ci ilin fevral ayının 10-dan may ayının 12-dək olan müddətdə Poliklinika şöbəsində 14 min 182 nəfər müayinə olunmuş, aşkar olunan 421 nəfər ambulator xəstədən 30 nəfəri stasionar müalicəyə göndərilmişdir.
        Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rayon nümayəndəliyi mədəni-kütləvi tədbirlərin daha mütəşəkkil keçirilməsinə səylə çalışmışdır.
Rayon İcra Hakimiyyətinin yaxından köməkliyi və təşəbbüsü ilə yüksək səviyyədə təşkil olunan tədbirlər çoxsaylı tamaşaçılar tərəfindən razılıqla qarşılanmışdır.
Rayon İcra Hakimiyyətinin binasında fəaliyyət göstərən Tarix-Diyarşünaslıq muzeyinə 55 yeni eksponat daxil olmuşdur. Muzeyin  fondunu  hazırda  1003  eksponat  təşkil  edir. Muzeydə ötən il ərzində 42 ekskursiya təşkil olunmuş və  həmin  ekskursiyalarda  ümumilikdə  1746 nəfər iştirak  etmişdir.
          Mərkəzləşmiş Kitabxana Sistemi də öz işini günün tələbləri baxımından  qurmağa çalışmışdır.  Hazırda Mərkəzləşmiş Kitabxana  Sisteminin  kitab  fondu 22 min 210 nüsxə kitab olmaqla  4 mindən çox oxucuya xidmət edir.
Ötən 2018-ci il ərzində kənd təsərrüfatı sahəsində də müəyyən işlər görülmüşdür. Rayon İcra Hakimiyyətinin köməkliyi ilə rayonda baramaçılığı inkişaf etdirmək üçün Füzuli və Sabirabad rayonları ərazisində əkilmiş 10 min 500 ədəd tut tinglərinə aqrotexniki qaydada qulluq edilərək bütün tədbirlər görülmüşdür.  Yüksək və keyfiyyətli yem bazasının olması ötən il rayonumuz da barama istehsalı ilə məşğul olmasına imkan verdiyi üçün 520 kq əvəzinə 578 kq yüksək keyfiyyətli barama istehsal edərək Respublika üzrə birinci olaraq plan artıqlaması ilə yerinə yetirilib.
Rayonda xüsusilə son illər arıçılığı inkişaf etdirmək üçün müəyyən işlər görülməkdədir. Arı ailələrinin sayı 4 min 477 olmuşdur. Arıçılığı inkişaf etdirmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti sərəncam imzalayaraq arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 2018-ci il də daxil olmaqla 5 (beş) il müddətində ildə 10 (on) manat məbləğində subsidiya müəyyən edilmişdir. 2018-ci ilin dekabr ayında müraciət etmiş 82 nəfər arıçıya dövlət hesabına ödənilən 35 min 400 manat subsidiya hesablanaraq “Kapital Bank”da açılmış hesab nömrələrinə köçürülmüşdür.
          2019- ci il 01 yanvar tarixinə qədər rayon üzrə bitkiçilik və heyvandarlıq sahəsində məhsuldarlıq:  Taxıl 112,7 ton, yonca 63 ton, kartof 7 ton, bostan bitkiləri 4 ton, barama 578 kiloqram,  yun 5,2 ton, süd 778,6 litr, ət diri çəki 140 ton, yumurta 486 min olmuşdur.
        Hər zaman olduğu kimi rayon gəncləri ölkə başçısının apardığı uğurlu siyasəti daim dəstəkləmişdir. Gənclər və İdman idarəsi əlaqədar təşkilatlarla birgə gənclərdə hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi, vətənə bağlılıq, pis vərdişlərdən uzaq olmaları məqsədilə bir sıra tədbirlər keçirmişdir.
        Hesabat dövründə idmanın müxtəlif növləri üzrə rayon birincilikləri keçirilmiş və rayon idmançılarının respublika səviyyəli yarışlarda iştirakı təmin edilmişdir. Rayonun ümümtəhsil məktəblərinin komandaları arasında “Şahin” hərbi idman oyunlarının rayon birinciliyi keçirilmiş, I yeri tutmuş Muradxanlı kənd tam orta məktəbinin komandası zona birinciliyində, 2018-ci ilin mart ayında Xaçmaz rayonunda keçirilmiş Atletika idman növü üzrə zona yarışlarında Çaytumas məktəb liseyinin komandası isə I yeri tutaraq ölkə birinciliyinin final mərhələsində iştirak etmək hüququnu qazanmışlar
        2005-2006-ci il təvəllüdlü yeniyetmələr arasında futbol üzrə “Sevinc” kuboku uğrunda Xaçmaz rayonunda keçirilən ölkə birinciliyində rayonun  komandası birinci yeri tutaraq respublika çempionu olmuş və bu münasibətlə rayon komandasının üzvləri İcra Hakimiyyətinin başçısı tərəfindən 27 aprel 2018-ci il tarixdə Qubadlı rayon İcra Hakimiyyətinin inzibati binasında qəbul edilərək qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
2018-ci il ərzində 37 nəfər rayon idmançısı ölkə birinciliklərinin o cümlədən respublika turnirlərinin qalibi olmuşdur. 5 nəfər  rayon idmançısı isə beynəlxalq yarışlarda yüksək nəticələr göstərmişdir. Ötən ildə Rayon İcra Hakimiyyəti başçısının bilavasitə dəstəyi ilə bir qrup rayon idmançısı Gənclər və İdman Nazirliyi tərəfindən fəxri adlar və dərəcələrlə təltif olunmuşdur. Beləki, “Həkəri” futbol klubunun baş məşqçisi Əliyev Cavanşir Azərbaycan Respublikasının “Əməkdar məşqçisi”, Kinqboksinq idman növü üzrə Dünya çempionu Əsədov Nahid Azərbaycan Respublikasının “Əməkdar idman ustası” fəxri adları, Qol güləşi üzrə dünya çempionu Namaz-zadə Vilayət Azərbaycan Respublikasının “İdman ustası”,  Konq-fu Sanda idman növü üzrə Dünya çempionu Həsənov Ruslan Azərbaycan Respublikasının “İdman ustası” dərəcələri  ilə təltif edilmişdir.
        Hesabat dövrü rayon İcra Hakimiyyətinin fəaliyyət istiqamətlərindən birini də vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması işi təşkil etmişdir. 2018-ci il ərzində rayon İcra Hakimiyyətinə  ümumi daxil olan yazılı vətəndaş müraciətlərinin sayı  98 olmuşdur.
        Ümumi  müraciətlərin 21-i müsbət həll olunmuş, 5 müraciət  əsassız  sayılıb, 6 müraciət qismən həll edilmiş, 14 müraciətin icrası müvafiq Dövlət Proqramlarında nəzərdə tutulur. 47 müraciətə müvafiq izahat verilib, 5 müraciət icradadır, 2  müraciət isə baxılmaq üçün aidiyyatı üzrə göndərilibdir.
        2018-ci il ərzində RİHB-sı tərəfindən  aparatda  qəbul qrafiki üzrə 649 nəfər qəbul edilmişdir.  Qəbul zamanı edilən müraciətlərin  406-sı müsbət həll edilmiş, 117-nə müvafiq hüquqi izahat verilmiş, 6 müraciət isə aidiyyatı qurumlara göndərilmişdir. 119 məsəlinin həlli isə müvafiq Dövlət Proqramında  nəzərdə  tutulur.
      Ötən il ərzində vətəndaşlarla keçirilən 35 səyyar  görüş-qəbulda  190 müraciət olmuşdur. Qeydə alınan müraciətlərdən 90-nı müsbət həll edilmişdir. Qalan müraciətdən 14-ü isə mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırılaraq icraata götürülmüşdür.  52  müraciətə isə müvafiq izahatlar verilmişdir. 
        2018-ci ilin yekunları bunu deməyə əsas verir ki, rayon əhalisi arasında  əvvəlki illərdə olduğu kimi ictimai-siyasi baxımdan heç bir narahatlıq olmamışdır. Rayonda  bu gün  də əsas aparıcı siyasi partiya 3 min 500 nəfərdən artıq üzvü olan Yeni Azərbaycan Partiyasıdır. Sakinlərimiz həmişə olduğu kimi dövlətçilik ənənələrinə sədaqət nümayiş etdirmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasətini ürəkdən bəyənərək müdafiə etmişlər.     
         Sonra məruzə ətrafında çıxışlar dinlənildi. Çıxış edən rayon Maliyyə şöbəsinin rəisi Kəmaləddin Rüstəmov, rayon Təhsil şöbəsinin  müdiri Fuad Bədəlov, rayon Məşğulluq Mərkəzinin direktoru Cəfər Ağayev, Qaralar kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Əlvan Rüstəmov il ərzində görülən işlərdən bəhs edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışından irəli gələn müddəaları rəhbərliyə alaraq qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinə səylə çalışacaqlarını bildirdilər.
         Daha sonra məruzə ətrafında geniş fikir mübadiləsi aparılaraq, yerlərdən içtimaiyyət nümayəndələrinin çıxışları dinlənildi. Çıxışlarda 2018-ci ildə görülən işlər təhlil edilib, uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli ilə bağlı təkliflər irəli sürüldü. Hesabat yığıncağında Prezident Administrasiyasının məsul işçisi Ağa-Əli Əhmədov və Milli Məclisin deputatı İmamverdi İsmayılov geniş nitq söylədilər. Sonra iclasın qərar layihəsi səsə qoyularaq qəbul edildi.
        Sonda yığıncaq iştirakçıları adından cənab Prezident İlham Əliyevə müraciət qəbul olundu.

 

Keçidlər