Şriftin ölçüsü :

Saytın rəngi :

28 May Respublika günüdür

27 may 2019 | 16:00

28 May Respublika günüdür

     27 may 2019-cu il tarixdə Sumqayıt şəhərində yerləşən 28 May mədəniyyət evində Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 28 may Respublika günü münasibəti ilə tədbir keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
  Əvvəlcə tədbirdə Respublika gününə həsr olunmuş videoçarx nümayiş olundu. Daha sonra tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm  Alıyeva  qeyd etdi ki,  Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə mühüm yeri vardır. Şərqdə ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə çəmi 23 ay fəaliyyət göstərsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır. 1991-ci ildə Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu. Lakin 1991-1993-cü illər Azərbaycanın müstəqillik tarixinə durgunluq, özbaşınalıq, hakimiyyət daxili hərc-mərclik illəri kimi həkk olundu. Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə etdi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycana həqiqi müstəqillik gətirdi. Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə ölkənin ictimai - siyasi, elmi - mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı. Ümummilli lider Heydər Əliyevin qətiyyətli səyləri nəticəsində 1994-cü il oktyabr və 1995-ci ilin dövlət çevrilişi cəhdlərinin qarşısı alındı.
     1991-ci ildə müstəqilliyin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi. Xalq Cumhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cumhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May günü həmin vaxtdan Respublika günü olaraq təntənə ilə qeyd edir.
Qürur hissi ilə qeyd edildi ki, Müstəqil Azərbaycan Respublikasının banisi görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan Demokratik Respublikası haqqında söylədiyi fikirlər bütün zamanlar üçün aktuallığını saxlamaqdadır: ”Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, Müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir. Biz bu varisçilik prinsipini şərəflə, sədaqətlə yerinə yetiririk və yetirəcəyik ”. Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan hazırda cənab Prezident İlham Əliyevin rəhbərliyi altında dünyanın ən dinamik inkişaf edən ölkələri sırasında layiqli yer tutur.  Bu gün məhz cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmiz iqtisadi artım tempinə görə dünya dövlətləri arasında ön mövqelərə çıxmış, regionun lider dövlətinə çevrilmişdir.
       Daha sonra tədbir konsert proqramı ilə davam etdirildi, Azərbaycan, vətənpərvərlik mövzusunda şeirlər səsləndirildi, mahnılar oxundu.

Keçidlər