Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Mustafayev Rüfət Zöhrab oğlunun doğum günü

12 mart 2021 | 16:00

Bu gün Mustafayev Rüfət Zöhraboğlunun doğum günüdür. Yaşasaydı 25 yaşı tamam olacaqdı. Bununla əlaqədar  Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə əvvəlcə Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanında Şəhidin məzarına ziyarət olundu və gül dəstələri qoyuldu. Ziyarət zamanı Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev, Qubadlı rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və Şəhid ailələrilə iş üzrə şöbəsinin müdiri Əliyev Emin Əliyar oğlu, Sumqayıt şəhərinin axundu Hacı Rauf, Şəhidin ailə üzvləri və yaxınları iştirak edirdilər.
ƏvvəlcəSumqayıt şəhərinin axundu Hacı Rauf Şəhidin ruhuna dualar oxudu.
Daha sonra YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev qeyd etdi ki, cəmi 44 gün ərzində Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyev həm döyüş meydanında, həm də informasiya məkanında mənfur işğalçının və onun havadarlarının illərlə hazırladıqları və həyata keçirməyə çalışdıqları xain planlarını boşa çıxartdı, böyük səbir, təmkin və qətiyyətlə döyüş meydanında misilsiz hərbi zəfər qazandı, erməni ordusunu darmadağın etdi. Ölkəmizdəki Xalq-İqtidar-Ordu birliyi, sözün əsl mənasında, "dəmir yumruğa” çevrildi və işğalçının belini qırdı. Cənab Prezident İlham Əliyevin dəmir yumruğu tarixi ədaləti bərpa etdi.
Şəhidlər Xiyabanına ziyarət etdikdən sonra Şəhidin təhsil aldığı Sumqayıt şəhəri 18 nömrəli tam orta məktəbdə Şəhidin şəkil barelyefinin açılışı oldu. Daha sonra yazıçı Esmira Günəşin müəllifi olduğu “ Qəlbimizin zirvəsində yaşayan Qəhrəman” adlı kitabın təqdimatı keçirildi.
Daha sonra Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirdi.  
Qubadlı  rayonunun  Dondarlı  kənd  sakini (əslən Aşağı Xocamsaxlı kəndindəndir) Mustafayev Rüfət Zöhrab oğlu 12 mart 1996-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur.
2013-cü ildə Sumqayıt şəhərində yerləşən 18 saylı tam orta məktəbini bitirərək Azərbaycan Texniki Universitetinə qəbul olmuş, 2017-ci il tarixdə universiteti bitirmişdir.
2019-cu ilin oktyabr ayının 23-də həqiqi hərbi xidmətə çağırılmış, Goranboy rayonunda yerləşən N saylı hərbi hissədə xidmətini davam etdirmişdir.
27 sentyabr 2020-ci il tarixdə başlanan Vətən müharibəsi  döyüşlərində fəal iştirak etmiş, cəsarəti və cəsurluğu ilə seçilmişdir. 
12 oktyabr 2020-ci il tarixdə Suqovuşan və Talış kəndləri uğrunda gedən qızğın və üzbəüz döyüşdə qəhrəmancasına şəhid olmuş və Sumqayıt şəhər “Şəhidlər xiyabanı"nda dəfn olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Mustafayev Rüfət Zöhrab oğlu ölümündən sonra “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Subayidi.
Allah rəhməteləsin!

Keçidlər