Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Alıyev Elçin Bayram oğlunun Anım günü

12 noyabr 2021 | 16:00

Qubadlı rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə 2021-ci il 12noyabr tarixində  Bakı şəhəri, II Fəxri Xiyabanda 27 sentyabr 2020-ci il tarixində başlanmış Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda igidlik göstərənVətən Müharibəsinin şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Alıyev Elçin Bayram oğlunun Anım günü tədbiri keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Millət vəkili İmamverdi İsmayılov, döyüş yoldaşları,hüquq-mühafizə orqanları, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhidimizin yaxınları, cümə məscidinin axundu hacı Rauf, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Şəhidimizin ziyarətinə gələnlər məzarı üzərinə əklil və gül dəstələri qoydular. Şəhidimizin ruhuna dualar oxundu. Eyni zamanda vətənpərvərlik mövzusunda və şəhidlərimizin ruhuna həsr olunmuş şeirlər səsləndirildi.
Tədbirdə qeyd olundu ki, Sentyabrın 27-dən başlayan, 44 gün davam edən işğal altındakı torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərmiş, düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək Qələbə qazandı və tarixi ədalət bərpa olundu.Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızı işğaldan azad etdi, Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Prezident İlham Əliyev öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Azərbaycan 30 ilə yaxın davam edən münaqişədə qalib tərəf oldu, ərazi bütövlüyümüz bərpa olundu. Ölkəmizdəki Xalq-İqtidar birliyi sözün əsl mənasında "dəmir yumruğa” çevrildi.
Digər çıxışlarda vurğulandı ki, 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. 44 günlük Vətən müharibəsində  qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 11 şəhid və 40-dan çox yaralı öz adlarını tarixə yazdılar. 
Şəhidimizin anası Adilə Alıyeva göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirdi.
Sonda Sumqayıt şəhərində yerləşən “Şəfa” mərasim evində ehsan verildi.
Alıyev Elçin Bayram oğlu 16 iyul 1975-ci ildə Qubadlı şəhərindəanadan olub. 1992-ci ildə Qubadlı Şəhər 1 saylı orta məktəbin məzunu olmuşdur.
1992-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olmuş, 1993-cü ildə isə Ali Hərbi məktəbə yerdəyişmə etmiş, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin Tank Artilleriya fakültəsinin 1-ci kursuna qəbul olmuşdur. 1997-ci ildə Taktiki Yerüstü Artilleriya Komandiri və Artilleriya Silahlarının İstismarı üzrə mühəndis ixtisasına yiyələnmişdir. 1997-2005-ci illərdə N saylı hərbi hissədə Artilleriya batareyasının komandiri və briqadanın kəşfiyyat rəisi, 2006-2010-cu illərdə N saylı hərbi hissədə Artilleriya rəisinin köməkçisi, 2010- 2011-ci illərdə N saylı hərbi hissədə Artilleriya rəisinin baş köməkçisi, 2014 sentyabr - 2015 yanvar tarixinə qədər H.Əliyev adına Azərbaycan Ali Hərbi məktəbində müəllim, 2015-ci il yanvar ayından 2017-ci il aprel ayınadək N saylı hərbi hissədə Artilleriya bölməsi rəisinin baş köməkçisi vəzifəsində xidmət etmişdir. 2016-cı ilin aprel döyüşlərində “Lələ təpə”nin azad olunmasında öndə gedənlərimizdən biri olmuşdur.
Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə Nazirinin müxtəlif tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 10,90 və 95 illiyi” yubiley medalları, III, II dərəcəli “Qüsursuz xidmətə görə” medalları və “Azərbaycan Ordusunun100 illiyi” yubley medalı ilə təltif edilmişdir.
2017-ci il aprel ayından öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Təqaüdə çıxmasına baxmayaraq, 01 oktyabr 2020-ci ildə N saylı hərbi hissədən könüllü olaraq Vətən müharibəsinə yollanmışdır. Döyüş yolu ilk əvvəl Ağcabədi rayonunda əsgərlərə təlim keçməklə başlayır. Sonra isə əsgərləri ilə birgə Füzulidə döyüşə qatılır. Hadrutda, Xocavənddə, Şuşada gedən döyüşlərdə fəal iştrak edən igidlərdən biri olur.
Müharibə zamanı ayağından yaralanmasına baxmayaraq, döyüşə davam etmişdir.
7 noyabr 2020-ci ildə sinəsindən 3 güllə yarası alsa da, 1 gün yaralı vəziyyətdə döyüşür. O, 9 noyabr 2020-ci ildə Şuşada gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmışdır. Bakı şəhəri, II Fəxri Xiyabanda dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görəAzərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə mayor Alıyev Elçin Bayram oğlu ölümündən sonra “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları və “Rəşadət” ordeni medalları ilə təltif edilmişdir.
Ailəli idi, 3 övladı var.
Allah rəhmət eləsin!

Keçidlər